CƏMİYYƏT
Qazaxıstan restoranlarında milli məhsullarımız təqdim olunacaq
Almatı, 30 oktyabr, AZƏRTAC
Almatı şəhərində Azərbaycan Ticarət Evi milli məhsullarımızın ixracının təşviqi ilə bağlı görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ticarət Evi və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçirilən görüşdə bu ölkədə fəaliyyət göstərən milli mətbəximizi təqdim edən restoran sahibləri və yerli məhsullarımızın distributor şirkətləri arasında əlaqələr yaradılıb.
Məqsəd ölkəmizin məhsullarının ixracı ilə məşğul olan distributorlar vasitəsilə milli mətbəximizin restoranlarında məhz yerli məhsullardan istifadəsinə imkan yaratmaqdır.
Görüşdə qeyd edilib ki, artıq ilk məhsullar ixrac olunub. Bundan sonra Qazaxıstanda fəaliyyət göstərən milli mətbəximizdən ibarət restoranlarda yerli məhsullarımızdan istifadə olunacaq.
Qeyd edək ki, bu vaxta qədər yerli məhsullardan istifadə olunmurdu. Artıq Azərbaycan şərabları, nar şirələri, kompotları, enerji içkiləri və digər ölkəmizdə istehsal olunan məhsulları sahibkarlar öz restoranlarında təqdim edə biləcəklər.
Xatırladaq ki, Nur-Sultanda Azərbaycan Ticarət evi 2019-cu il oktyabr ayında fəaliyyətə başlasa da, rəsmi açılışı 2020-ci il mart ayında planlaşdırılırdı. Lakin pandemiya ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı