CƏMİYYƏT
Baş Prokurorluğun “Facebook” səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Bakı, 26 noyabr, AZƏRTAC
Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılması üçün "Facebook", "Instagram", "Twitter", "YouTube", "Telegram" və "LinkedIn" sosial şəbəkələrindən istifadə edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi (https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib. “Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən asanlıqla ayırd edilir.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənməsinə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirilib.