DÜNYA
Moldova COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar fövqəladə vəziyyət rejiminə qayıdır
Kişineu, 30 noyabr, AZƏRTAC
Moldova epidemioloji vəziyyətin pisləşməsi fonunda bu gündən etibarən səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminə qayıdır və bir sıra məhdudiyyət tətbiq edir.
AZƏRTAC xəbər verir ki, İctimai Sağlamlıq üzrə Milli Fövqəladə Komissiyanın qərarına uyğun olaraq, bu tədbirlər 2021-ci il yanvarın 15-dək qüvvədə olacaq.
Fövqəladə vəziyyət rejimi zamanı dövlət və özəl şirkətlərin rəhbərlərinə personalın bir hissəsini məsafədən iş rejiminə keçirmək, həmçinin iş yerlərində epidemiya əleyhinə tədbirləri sərtləşdirmək tövsiyə olunur. İnsanların sağlamlıq vəziyyətinə, virusdan qorunma vasitələrinin mövcudluğuna monitorinqi və digər tədbirləri nəzərdə tutulur.
Vətəndaşlar Yeni il bayramını ictimai yerlərdə qeyd edə bilməyəcəklər, çünki fövqəladə vəziyyət rejimi zamanı restoran, bar və kafelərin 22.00-dan 07.00-dək fəaliyyət göstərməsinə qadağa qoyulub. Gecə klubları tamamilə qadağa altına düşüb. Bundan başqa, insanların fiziki iştirakı ilə idman yarışlarının, elmi konfransların və olimpiadaların keçirilməsinə icazə verilmir. Kinoteatr, teatr və konsert zalları da bağlanılır.
Ölkə vətəndaşlarına parklarda vaxt keçirmək və 3 nəfərdən artıq qruplar şəklində toplaşmaq yenidən qadağan edilir. 63 yaşdan yuxarı olan şəxslərin evdən yalnız ərzaq və dərman almaq üçün çıxmasına icazə verilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu