REGİONLAR
Balakən ziyalısı: Şanlı Ordumuza dəstək olmağı özümə şərəf və qürur hesab edirəm
Balakən, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın şimal-qərb bölgəsində yerləşən Balakən rayonunda yaşasam da ürəyim, qəlbim Qarabağla döyünür. Dövlətimizin yanında olmaqla, Şanlı Ordumuza dəstək olmağı özümə şərəf və qürur hesab edirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən ziyalısı, Əməkdar müəllim Cavanşir Alqayev söyləyib.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasının ölkəmiz üçün çox böyük tarixi hadisə olduğunu vurğulayan ziyalı deyib: “Bununla da 30 ildən çox davam edən Azərbaycan-Ermənistan münaqişəsinə son qoyuldu. Bu bəyanat Ermənistanın kapitulyasiyası, Azərbaycanın şanlı Zəfəridir. Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, düşünülmüş strategiyası, diplomatiya cəbhəsində apardığı mübarizə nəticəsində istər ön, istərsə də arxa cəbhədə böyük uğurlar qazandıq, düşmən üzərində şanlı Qələbəmizi təmin etdik. Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Prezidentimizin səyləri nəticəsində işğalçı Ermənistanın və havadarlarının yaratdığı miflər dağıdıldı, eləcə də informasiya müharibəsində də böyük üstünlüklər əldə edildi. Zaman sübut etdi ki, Ermənistan respublikası Azərbaycan ərazilərində yaradılan laboratoriya ölkəsidir”.
Rayon ziyalısı bildirib ki, 44 günlük müharibənin gedişində bir daha sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər və Ağdam rayonları şəhid verilmədən, qan tökülmədən artıq geri qaytarılıb. Laçın rayonunu isə işğalçılar dekabrın 1-də boşaltmalıdırlar. Bu rayonların geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Cavanşir Alqayev deyib: “Bu tarixi qələbədə diplomatik uğurlarımızı xüsusilə qeyd etməliyik. Son 17 il ərzində Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradılıb. BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələri Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiq edib. Həmin qətnamələrdə Azərbaycan ərazisinin işğal olunması öz əksini tapıb. 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandanın dünyanın 30-dan çox aparıcı televiziya kanallarına, qəzetlərinə, informasiya agentliklərinə müsahibə verməsi beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini daha da möhkəmləndirib, erməni yalanlarının ifşa olunmasında önəmli rol oynayıb”.
Rayon ziyalısı daha sonra deyib: “Geridə qalan 30 ilə baxanda bu gün biz istər iqtisadi durumda, istər mənəvi dəyərlərdə, istərsə də bir-birimizə sıx bağlılıqda daha möhkəm, daha özgüvənli olacağıq. Bu özünəgüvən bizi daha inkişaf etmiş ölkələrin sırasına qata biləcək. Sabah biz dünyanın harasında olmağımızdan asılı olmayaraq, torpaqları işğal olunmuş bir ölkənin vətəndaşı kimi deyil, öz hüquqlarımızı, haqlarımızı, torpaqlarımızı, keçmişimizi qoruya bilən bir xalq kimi qürurla qəhrəmanlığımızdan danışa bilərik. Bu gün zatən hiss edirik ki, dünya bizdən, bizim Liderdən danışır. Bu nüans bizim inkişafımıza daha da təkan verəcək”.