ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin də kitab kolleksiyası daxil olub.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, kolleksiyaya Fuad Əliyevin həmmüəllifliyi ilə çap olunmuş “Azərbaycanın qərb bölgəsinin faydalı boyaq bitkiləri”, “Azərbaycanın təbii sərvətlərinin bioloji fəal maddələri”, “Bitki mənşəli təbii boyaqlar”, “Bitkilər müalicə mənbəyidir”, “Gəncəbasarın yabanı tərəvəz bitkiləri”, “Kimya: ekologiya və sağlamlıq”, “Тəbii mühit və insan” kitabları daxildir. Kolleksiyaya, həmçinin akademikin layihə rəhbərliyi və redaktorluğu ilə dərc edilmiş “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhəri”, “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncə İmamzadə türbəsi”, “Məhsəti Gəncəvi dövründə sənətkarlıq” kitabları, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş monoqrafiyalar, AMEA Gəncə bölməsinin, Nizami Gəncəvi Mərkəzinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə çap olunmuş nəşrlər, eləcə də ayrı-ayrı müəlliflərin kitabları daxildir.
Akademik Fuad Əliyevin kitab kolleksiyası Azərbaycanın elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlərdən ibarət kolleksiyaların qorunduğu Akademiklər fondunda saxlanılacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.
Xatırladaq ki, regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən akademiyanın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib.