ELM VƏ TƏHSİL
“Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Ənvər Rzadır
Bakı, 30 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti siması Ənvər Rzadır. O, 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.
Ənvər Rza M.F.Axundov adına Azərbaycan Xarici Pedaqoji Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsində təhsil alıb. Həmin institutda İngilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedranın müdiri vəzifəsində işləyib. Sonra institutun nəzdində ilk dəfə olaraq Tərcümə kafedrasını yaradıb və ömrünün sonunadək bu kafedranın müdiri vəzifəsində çalışıb. O, istedadlı şair, cəfakeş alim, həm də peşəkar tərcüməçi olub.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.