REGİONLAR
Biləsuvarda tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı onlayn tədbir keçirilib
Biləsuvar, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvarda Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olmuş “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində onlayn tədbir keçirilib.
Layihənin məqsədi məktəb daxilində fənlər üzrə kafedralar yaratmaqla tədris prosesinin təkmilləşdirilməsinə və daha səmərəli qurulmasına, metodik xidmət üçün əməkdaşlıq mühitinin təkmilləşdirilməsinə, idarəetmənin asanlaşdırılmasına, öyrənmə prosesinin effektivliyinin artırılmasına şərait yaratmaqdır.
Layihə rəhbəri Mehman Əliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihə çərçivəsində keçirilən onlayn təlimlərdən sonra kafedra rəhbərləri komanda şəklində müəllimlərlə onlayn formada işləməyə başlayıblar.
Kafedralarda işin yekunu olaraq “Zoom” proqramı vasitəsilə beş gün ərzində hər kafedra öz işinin hesabatlılıq təqdimatlarını təşkil edib.
Layihənin yekununda layihənin hesabatı hazırlanıb təhvil veriləcək.
Mehman Əliyev bildirib ki, layihə çərçivəsində ilk öncə layihə komandası formalaşdırılıb. Daha sonra layihənin məktəb daxilində onlayn təqdimatı keçirilib, fənlər üzrə kafedralar yaradılıb və kafedralara rəhbərlər təyin edilib. Bu kafedra rəhbərlərinə dörd istiqamətdə onlayn təlimlər keçirilib.
Layihənin nəticələri olaraq məqsədə uyğun məktəbdə fənlər müvafiq olaraq kafedralar şəklində fəaliyyətə başlayıblar. Bu cür fəaliyyət forması təhsil sahəsi üzrə qabaqcıl ölkələrdə çox böyük uğurla tətbiq olunur.
Qeyd edək ki, layihənin icrası dekabrın 15-dək davam edəcək.