REGİONLAR
Hacıqabulun nar bağlarından 11 min tondan çox məhsul yığılıb
Hacıqabul, 19 yanvar, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1610 hektar meyvə bağı var və ötən il bu bağlardan 16 min 209 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1228 hektar nar sahəsindən 11 min 620 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 95 sentner olub. Tədarük olunan məhsulun demək olar ki, üçdəiki hissəsi rayonun Udulu kəndindəki nar bağlarından yığılıb.
Qeyd edək ki, hacıqabullu bağbanlar 2019-cu ildə meyvə bağlarından 14 min 708 ton meyvə tədarük ediblər.