CƏMİYYƏT
Gədəbəy rayonunda əmisini qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 19 yanvar, AZƏRTAC
İyulun 12-də saat 17 radələrində Gədəbəy rayonunun Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Gədəbəy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Səniybər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin onların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.