ELM VƏ TƏHSİL
“Zəngilan ensiklopediyası”nda işğaldan azad edilən rayon haqqında dolğun məlumatlar əksini tapıb
Bakı, 19 yanvar, AZƏRTAC
Tarixçi-araşdırmaçı Nazim Tapdıqoğlunun yenicə çapdan çıxmış “Zəngilan ensiklopediyası” kitabında rayonun tarixi, coğrafiyası, arxeologiyası, toponomiyası, tarixi-mədəniyyət abidələri, yaşayış məntəqələri və Qarabağ müharibəsindəki şəhidləri haqqında qısa və dolğun məlumatlar əksini tapıb.
AZƏRTAC xəbər verir ki, kitabda Qarabağın bir hissəsi olan Zəngilan rayonunun yaşayış məntəqələrinin adları haqqında bilgilər, onların mənşəyi, mənası, dil mənsubiyyəti barədə qısa izahlı şərhlərin hər biri toponomik məqalələr şəklində verilib.
Zəngilanın toponimləri ilk dəfədir ki, bu cür sistemli şəkildə tədqiq olunur. Kitabın ayrı-ayrı fəsillərində rayonun görkəmli ziyalıları və tanınmış şəxsiyyətləri, əmək qəhrəmanları, eləcə də Qarabağ müharibəsində verdiyi şəhidləri haqqında məlumatlara da geniş yer ayrılıb.
Nəşr hər bir oxucu və tədqiqatçı üçün maraqlı mənbədir.