CƏMİYYƏT
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılar müşahidə olunur. Saat 12:00-a olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub. Ən hündür qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib və hündürlüyü 40 santimetrdən çox olub. Şəki, Gədəbəy, Göygöl, Daşkəsən, Qrız (Quba), Oğuz, Quba, Altıağac (Xızı), Ordubad, Qəbələ, Qusar və Xaltanda (Quba) qar örtüyünün hündürlüyü 2 santimetrdən 15 santimetrədək olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək, axşama doğru və yanvarın 20-də hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Havanın temperaturu gecə saatlarında 0°-yə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə, yanvarın 21-dən 22-nə keçən gecə paytaxtda 0°-2° şaxta olacağı proqnozlaşdırılır.