QAN YADDAŞI
Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qorumaq hər birimizin müqəddəs vəzifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin rəmzi olan 20 Yanvar faciəsindən 31 il ötüb. Hər xalq bu qədər şəhid verə bilmir. Məhz buna görə Azərbaycan xalqı qəhrəman, yenilməz və məğlubedilməz xalqdır. Müstəqillik tarixi böyük qələbələr, yenilməz zəfərlə dolu olan Azərbaycanımızın düşmənə layiqli yerini göstərərək ərazi bütövlüyünü bərpa etməsi, doğma Qarabağa Böyük qayıdış bu gün bizi çox qürurlandırır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərimizin qanı bahasına qazanılmış müstəqilliyi göz bəbəyi kimi qoruyur. Şəhidlərimizin qanı bahasına qazandığımız müstəqilliyimizi qorumaq hər birimizin müqəddəs vəzifəsidir.
Bu sözləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Beyləqan rayonunun Qaralılar kənd sakini, hazırda Bakıda yaşayan Əli Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman övladlarının igidlikləri ilə dastan yazdıqlarını vurğulayan Ə.Əliyev qeyd edib: “İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı dəmir yumruq kimi sıx birləşdirməsi və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində biz böyük zəfər qazandıq. Bu Qələbə dillərdə dastan oldu. Bu haqq savaşında mənim doğma Qaralılar kəndindən Cəlal Vəzirov qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”