DÜNYA
İspaniyada koronavirusa yoluxanların sayında yeni antirekord qeydə alınıb
Madrid, 22 yanvar, AZƏRTAC
İspaniyanın Səhiyyə Nazirliyi COVID-19-a 44.357 yeni yoluxma faktı barədə məlumat verib. Bu, pandemiya başlanandan bəri yeni maksimumdur.
AZƏRTAC xəbər verir ki, İspaniyada xəstəxana çarpayılarının orta hesabla beşdəbiri koronaviruslu pasiyentlərlə məşğul edilib (20,87 faiz, birinci dalğadan bəri rekord).
İspaniyada pandemiya başlayandan pozitiv diaqnozlu xəstələrin sayı artıq 2.456.675 nəfərə çatıb.
Səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısının alınması və koordinasiyası üzrə mərkəzin direktoru Fernando Simon xəbərdar edir ki, əgər koronavirusun Britaniya ştammı Birləşmiş Krallıqdakı kimi sürətlə yayılmaqda davam edərsə, o halda martın ortalarınadək İspaniyada üstünlük təşkil edəcək.
İspaniyada koronavirusdan ölənlərin sayı 55.041 nəfərə bərabərdir. Son sutka ərzində 404 pasiyent bu xəstəliyin qurbanına çevrilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid