REGİONLAR
Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlanıb
Astara, 22 yanvar, Bağır Əliyev, AZƏRTAC
COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq, evində qızına nişan mərasimi təşkil etdiyi müəyyən olunub.
Nişan mərasimində iştirak edənlər Astara Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub.
Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.