ELM VƏ TƏHSİL
Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi” layihəsinə başlanır
Bakı, 26 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi” adlı tədbir keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 28-dən fevralın 1-dək davam edəcək layihə çərçivəsində proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et” və “Zövq al”) üzrə müxtəlif təlimlər, vebinarlar, intellektual oyunlar və konsert proqramı təşkil ediləcək.
“Gəncliyin bir həftəsi” layihəsinin məqsədi şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, asudə vaxtın səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının 25 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.