ELM VƏ TƏHSİL
“Sabahın alimləri” X respublika müsabiqəsinə 154 layihə təqdim edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Fevral ayında IX-XI sinif şagirdləri üçün “Sabahın alimləri” X respublika müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün şagirdlər artıq “Sabahın alimləri” saytında onlayn qeydiyyatdan keçərək layihələrini təqdim ediblər. Qeydiyyatdan 226 layihə keçsə də, pandemiya şəraiti səbəbindən müsabiqəyə 154 layihə təqdim olunub. Hazırda layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən yoxlanılır. Müsabiqəyə buraxılan layihələrin siyahısı və müsabiqənin keçirilməsi barədə əlavə məlumatlar “Sabahın alimləri” saytında elan ediləcək.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Müsabiqə Beynəlxalq Elm və Mühəndislik Sərgisi - “ISEF” çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.
Azərbaycan məktəbliləri Beynəlxalq Elm və Mühəndislik Sərgisində 9 il ərzində bir dəfə müsabiqənin əsas mükafatlarından birini, beş dəfə isə xüsusi mükafatlar qazanıblar.