DÜNYA
2020-ci ildə Braziliyada vergi yığımı son onillikdə ən aşağı səviyyədə olub
Madrid, 26 yanvar, AZƏRTAC
2020-ci ildə Braziliyanın federal vergilər və rüsumlar hesabına gəlirləri 1,479 milyard real (223 milyard avro) olub. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,91 faiz az və son onillikdə ən aşağı göstəricidir.
AZƏRTAC xəbər verir ki, yığılmış vergilərin azalması COVID-19 pandemiyası ilə bağlıdır. Bununla belə, federal gəlirlər katibliyi ötən il ölkənin üzləşdiyi çətinlikləri nəzərə alaraq, bu nəticəni qənaətbəxş hesab edir.
Braziliyanın iqtisadiyyat naziri Paulu Qedes vurğulayıb ki, gəlirlərin azalması son 10 ildə ən yüksək həddə çatmasına baxmayaraq, ölkədə dinamik bərpa əlamətləri müşahidə olunur.
Vergilərin məbləğinin azalması 2020-ci ildə pandemiya, işsizlərə və aztəminatlı ailələrə müavinətlər ödənməsi kimi dövlət xərcləri büdcədə tarazlığın pozulmasını sərtləşdirib, Braziliyanın dövlət borcu artıb.
Braziliya hökuməti pandemiya ilə əlaqədar böhranın kəskin vaxtında şirkətlərin vəziyyətini yüngülləşdirən tədbir kimi bəzi vergilərin ödənilməsi tarixini təxirə salıb. Ödənilmə müddəti təxirə salınmış 85,1 milyard real (12,8 milyard avro) məbləğində vergilərin yalnız 64,3 milyard realı (9,7 milyard avrosu) dövlət xəzinəsinə daxil olub.
Braziliya COVID-19 pandemiyasından ən çox zərər çəkmiş ölkələr arasında ABŞ-dan sonra ikinci yeri tutur. Bu ölkədə 217.712 nəfər koronavirusdan vəfat edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid