İQTİSADİYYAT
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi abonentlər arasında təbii qaz sərfiyyatının sayğaclarda istifadədən çox yazılması ilə bağlı ictimaiyyətdə yaranan məlumatlara növbəti dəfə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “2019-cu ildə 2200 kubmetr limiti keçən abonentlərin sayı 460 min idisə, ötən il həmin abonentlərin sayı 588 min olub. 2020-ci ildə biz 2019-cu ilə nisbətən əhali xətlərində 490 milyon kubmetrədək qaz qəbul etmişik. Bu da o deməkdir ki, qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır”.
Bəzi abonentlər şikayətlərində borc məbləğinin sərf olunan qaza nəzərən çox hesablandığını bildirdiklərini vurğulayan R.Əliyev deyib :“Abonentlər iddia edirlər ki, sayğac pulu çox yazır. Biz qazı pulla hesablamırıq, kubmetrlə hesablayırıq. Ona görə sərfiyyat artanda pul da artıq olmalıdır”.