ELM VƏ TƏHSİL
Vəfa Yaqublu: Təhsili bütün uşaqlar üçün əlçatan etmək üçün medianın geniş imkanları var
Bakı, 27 yanvar, AZƏRTAC
Pandemiya şəraitində təhsili bütün uşaqlar üçün əlçatan etmək üçün medianın imkanları genişdir və bu imkanlardan istifadə etmək təhsilin davamlılığı istiqamətində öz töhfələrini verir.
AZƏRTAC xəbər verir ki, bunu tədrisin ənənəvi formasının bərpası ilə bağlı onlayn seminarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, kütləvi informasiya vasitələri maarifləndirmə sahəsində mühüm rol oynaya bilər. Bunun ən bariz nümunəsi 52 il bundan əvvəl ABŞ-da yaranan əfsanəvi “Sezam küçəsi” şousu telelayihəsidir. Veriliş yarananda “Uşaqlar televizordan öyrənə bilərmi?” kimi müəyyən suallar ortaya çıxdı. Lakin veriliş özünü doğrultdu. Əvvəllər daha çox öyrətməyə həsr edilən veriliş sonralar daha böyük ambisiyalara can atmağa başladı. Uşaqlara yalnız akademik biliklərin əsası deyil, həm də sosial-emosional bacarıqlar, davranış və ünsiyyət qaydaları, inklüziya mədəniyyəti və s. təklif edildi. Mən çox istərdim ki, bu layihə Azərbaycan dilinə tərcümə olunsun. Bizim uşaqlar da bu layihədən bəhrələnsinlər.