DÜNYA
Kaliforniyada koronavirusun yeni ştammı aşkar edilib
Vaşinqton, 27 yanvar, AZƏRTAC
Kaliforniya ştatının alimləri orada koronavirusun yeni ştammını aşkar ediblər.
AZƏRTAC “New York Post” qəzetinə istinadla xəbər verir ki, tədqiqatçılar adi COVID-19 ştammı ilə müqayisədə 70 faiz daha artıq sürətlə yayılan Britaniya ştammını öyrənmək cəhdlərindən sonra bu nəticəyə gəliblər. Alimlərin fikrincə, yeni ştamm ştatda xəstələnmə və ölüm hallarının kəskin artmasına səbəb ola bilər.
Los-Ancelesdəki Cedars-Sinai tibb mərkəzində bu ştammın aşkar edildiyi laboratoriyaların birində bildiriblər ki, 2020-ci ilin son həftələrində bütün Kaliforniyada toplanmış 4500-ə yaxın virus nümunələrinin 24 faizində yeni ştamm aşkar olunub.
Digər analiz nəticəsində məlum olub ki, Şimali Kaliforniyada götürülmüş 332 nümunənin 25 faizində yeni ştamm tapılıb. Yeni ştamma B1429 adı verilib. Qubernator Gevin Nyusomun sözlərinə görə, hazırda ştatda 456 nəfərin yoluxması aşkar edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu