REGİONLAR
Naxçıvanda ilk dəfə məktəblilər arasında keçirilən robotexnika üzrə müsabiqə maraqla qarşılanıb
Naxçıvan, 27 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən “Xətt izləyən robot” müsabiqəsi maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəni Təhsil nazirinin müavini Heyran Əhmədova açaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Heyran Əhmədova bildirib ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılıb. Ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə, 45-dən çox yeni dərnək yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Robotexnika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilib, yeni dərnəklər lazımi avadanlıqlarla təchiz olunub. Hazırda Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılıb. Şərur rayon Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində STEAM kabinələri yaradılaraq istifadəyə verilib və zəruri avadanlıqlarla təmin edilib”, - deyən Təhsil nazirinin müavini qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını artırmaq, əldə etdikləri bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarətdir.
Sonra yarışa start verilib. Müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinifləri üzrə 7 komanda olmaqla, ümumilikdə, 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb. Yarışmada təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuran robotu hazırlayan şagird münsiflər heyəti tərəfindən qalib elan olunub. Müsabiqə 4 mərhələdə təşkil olunduğuna görə hər mərhələdə I-III yerlərə layiq görülən şagirdlər diplom və hədiyyələrlə, fəal iştirakına görə seçilənlər isə diplomla mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə muxtar respublika üzrə bir mərhələdə təşkil olunub.