REGİONLAR
Keçmiş döyüşçü: Xocalı faciəsi zamanı gördüyüm dəhşətləri sözlə ifadə etmək çox çətindir VİDEO
Ağdam, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin, həmçinin mülki əhalinin böyük rolu olub. Keçmiş döyüşçü, Ağdam sakini Sərvan Rüstəmov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb. O deyib: Fevralın 26-sı səhər tezdən Ağdama xəbər yayıldı ki, Xocalıda qətliam baş verib. Hamı axışdı şəhərin mərkəzinə. Könüllü özünümüdafiə dəstələri rayonun Əsgəran istiqamətində Xocalı sakinlərini erməni quldurlarından xilas edir, eyni zamanda, meyitləri Ağdama daşıyırdılar. Ağdam əhalisi balacadan böyüyədək hamı xocalılılara kömək etmək üçün can atırdı.
Meyitlər Ağdam şəhər məscidinə gətirilir, burada yuyulur, kəfənlənir və dəfn olunmaq üçün aparılır və ya sahiblərinə təhvil verilirdi. Həmin vaxt şahidi olduğum dəhşətləri sözlə ifadə etmək çətindir. Ermənilər dinc sakinləri öldürməklə kifayətlənməmiş, onların üzərində qeyri-insani hərəkətlər etmişdilər. Belə ki, meyitlər üz dərisi soyulmuş, başının arxasından hansısa alətlə vurularaq oyulmuş, ayaqları bağlı, donmuş halda idilər. Ağdama gətirilən meyitlərin çoxu Xocalıdan qaçmağa çalışan qadınlar, qocalar, uşaqlar idi. Ermənilərin dinc sakinlərə qarşı həyata keçirdiyi vəhşilikləri unutmaq mümkün deyil.