ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq genişlənir
Bakı, 25 fevral, AZƏRTAC
Mikrobiologiya İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, görüşün məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafında mikrobiologiya elminin nailiyyətlərindən istifadənin bu günü, perspektivləri və əməkdaşlıq üçün mümkün sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Görüşdə Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən Pənah Muradov, həmçinin biologiya elmləri doktorları Samirə Nəcəfova, Könül Baxşəliyeva və Fəridə Qəhrəmanova, biologiya üzrə fəlsəfə doktorları Anar Hüseynov, İradə Babayeva çıxış edərək hazırda elmi müəssisədə hansı sahələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından imkanlara malik olması barədə iştirakçılara məlumat veriblər. Bildirilib ki, Mikrobiologiya İnstitutu hazırda KTN-nin Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik institutları ilə bir sıra sahələrdə praktiki layihələr həyata keçirir və gələcəkdə bu işləri əhatə dairəsinə görə daha da genişləndirmək imkanları var. Görüşün yekunu kimi bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin, Azərbaycanda kənd təsərrüfatının inkişafında mikrobiologiyanın və Mikrobiologiya İnstitutunun əldə etdiyi nəticələrdən istifadənin zəruri olması qeyd edilib.
Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərman Kərimov, təsərrüfat işləri üzrə direktor müavini Samir Süleymanov, KTN-nin Meyvəçilik və Çayçılıq, Əkinçilik, Bitki mühafizəsi və texniki bitkilər institutlarının direktorları və aparıcı mütəxəssisləri iştirak ediblər.