İQTİSADİYYAT
Rusiyalı ekspert: Vahid enerji sisteminin yaradılması Qarabağ regionunun inkişafına təkan verə bilər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpası zamanı təbii ki, həmin ərazilərdə elektrik enerjisinə böyük ehtiyac yaranacaq. Burada Rusiyanın enerji potensialından da istifadə olunması mümkündür. Vahid enerji sisteminin yaradılması regionun inkişafına güclü təkan verə bilər. Bundan başqa, həmin ərazilərdə yaşayışı təmin etmək üçün zəruri infrastrukrur, o cümlədən energetika sahəsi, avtomobil yolları, mühəndis-kommunikasiya qurğuları yenidən qurulmalıdır.
Bu fikirləri “Sputnik Azərbaycan” Multimedia Mərkəzi tərəfindən təşkil olunan videokörpüdə AZƏRTAC-ın Cənubi Qafqaz dəmir yolunun bərpası və ya digər enerji, nəqliyyat layihələrinin Ermənistan ərazisindən təhlükəsiz keçməklə inşası və fəaliyyəti ilə bağlı sualını cavablandıran rusiyalı ekspert, Rusiyanın “Geoenergetika.info” analitik jurnalının baş redaktoru Boris Martsinkeviç səsləndirib.
Baş redaktor qeyd edib ki, onun fikrincə, Azərbaycan qonşu ölkələrlə müvafiq sahələrdə, xüsusən energetika sektorunda əməkdaşlıqdan yararlana bilər.
Gürcüstandan olan iqtisadi məsələlər üzrə ekspert, professor İosif Arçvadze isə ölkəsinin enerji sahəsində problemləri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, buna baxmayaraq, ölkəsi ilin yay fəslində qonşularına elektrik enerjisi ixrac edir, qış aylarında isə Türkiyə, Rusiya, İran və Azərbaycandan enerji alır: “Belə ki, Gürcüstan xaricdən 1,5 milyard kilovat/saat elektrik enerjisi alır, təqribən 800 milyon kilovat/saat elektrik enerjisini isə ixrac edir. Bu, Gürcüstanda yeni su elektrik stansiyasının tikilməsi məsələsini gündəmə gətirir. Əsasən də Gürcüstanın qərb hissəsində bunun üçün münbit şərait mövcuddur. Ümumiyyətlə, regionda davamlı tərəqqiyə nail olmaq üçün energetika sahəsinin inkişafı mühüm şərtdir”.
AZƏRTAC-ın “Qarabağın işğaldan azad edilməsi Cənubi Qafqazın enerji, tranzit və yük dövriyyəsinə nə dərəcədə təsir göstərəcək və bu nə qədər real görünür” sualını cavablandıran “Geoenergetika.info”nun baş redaktoru B.Martsinkeviç bu problemin həllinin əsasən rəsmi Bakıdan asılı olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan hökuməti ilk növbədə Naxçıvanla dəmir yolu xəttini bərpa etməlidir: “Bu dəmir yolunun bərpasında Rusiya da maraqlı tərəfdir. Təbii ki, sözügedən dəmir yolunun işə salınması Naxçıvanla yanaşı, işğaldan azad edilmiş rayonların iqtisadi cəhətdən inkişafı deməkdir”.
B.Martsinkeviç diqqətə çatdırıb ki, dəmir yolunun bərpası Ermənistanın da maraqlarına daxildir və onun Çinlə əməkdaşlığına şərait yaradacaq. Türkiyəyə gəlincə, o, yükdaşımalarını həyata keçirmək üçün Xəzər dənizinə birbaşa çıxış əldə edəcək. Bu baxımdan, Rusiya, Azərbaycan və Ermənistanın regionda həyata keçiriləcək layihələrdə ciddi maraqlarının olması şübhəsizdir.