QAN YADDAŞI
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriblər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Gənclər Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Xocalı soyqırımı 29 il yaddaşımızda” adlı onlayn görüş təşkil edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 150-yə yaxın gəncin qatıldığı görüşdə beynəlxalq maarifləndirmə kampaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyev bu kampaniyanın fəaliyyəti haqqında məlumat verib. O, Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılmasında “Xocalıya ədalət!” kampaniyasının mühüm rolunu, eləcə də gənclərimizin həm ölkə daxilində, həm də xaricdə bu kampaniya çərçivəsində həyata keçirdikləri fəaliyyətlərin vacibliyini qeyd edib.
Daha sonra Xocalı soyqırımının şahidi, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən Həsənova həmin gecənin dəhşətləri haqqında danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ildən sonra Ermənistan üzərində əldə etdiyimiz şanlı qələbə sayəsində torpaqlarımızın geri qaytarılmasından duyduğu qürur və sevinc hissini gənclərlə bölüşüb.
Tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.