QAN YADDAŞI
Şahin Seyidzadə: Xocalı faciəsi erməni barbarlığının sübutudur
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan xalqının tarixində 29 illik qanayan yara olan Xocalı faciəsi yaddaşımızdan silinməyən, erməni ədalətsizliyinin və barbarlığının sübutu olan hadisədir. Düşmən qüvvələrinin ərazi iddiası qaldırdığı münaqişə ərazisində yaşayan dinc əhaliyə qarşı fevralın 25-dən 26-a keçən gecə törədilən amansız soyqırımı bəşər tarixinin ən unudulmayan, qanlı səhifəsinə çevrilib.
Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti Xocalı faciəsinin bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınması və bu qanlı hadisəyə hüquqi siyasi qiymət verilməsi üçün bütün hüquqi vasitələrdən istifadə edir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən çox ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Şahin Seyidzadə qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində olan müharibə şəraiti və ölkədə hökm sürən siyasi qeyri-sabitlik dövründə Xocalı soyqırımı xalqımıza dəyən ən ağır zərbə idi. Eyni zamanda, bu faciə düşmənə qarşı böyük nifrətin və torpaqların azad olunması üçün istəyin artmasına gətirib çıxaran bir çağırış rolunu oynayıb.
Deputat deyib: “Azərbaycan uzun illər ərzində Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün səmərəli fəaliyyət göstərib. Hər il fəaliyyəti genişlənən Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimiz, digər dövlətlər tərəfindən Xocalı faciəsi üçün vahid ədalət mövqeyi sərgilənməkdə, erməni vəhşiliyi və vandalizmi pislənməkdədir. 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi ilə düşmən işğalında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Ölkəmizin başçısının qətiyyətli mövqeyi, siyasi iradəsi, ordumuzun gücü, həmçinin xalqımızın inam və birliyi ilə Azərbaycan xalqı düşmən qarşısında mütləq Qələbə ilə öz əzəli torpaqlarını azad etdi”.