QAN YADDAŞI
Sverdlovsk dövlət filarmoniyasında Xocalı soyqırımına həsr olunmuş kamera musiqisi gecəsi keçirilib
Moskva, 26 fevral, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğu və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının birgə təşkilatçılığı ilə Sverdlovsk dövlət filarmoniyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş kamera musiqisi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sverdlovsk vilayəti və Yekaterinburq şəhərinin dövlət qurumlarının, təhsil və mədəniyyət ocaqlarının nümayəndələri, Yekaterinburq şəhərində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, KİV nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki üzvləri, Sverdlovsk vilayətində yaşayan soydaşlarımız və təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Mərasimin əvvəlində Xocalı soyqırımı, Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski çıxış edərək Xocalı soyqırımının başvermə səbəbləri, bu qanlı faciəyə beynəlxalq aləmdə qiymət verilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Musiqi gecəsində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov, Fikrət Əmirov və Tofiq Quliyevin musiqi əsərləri səsləndirilib. Tədbir zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanmış video təqdimatlar və sənədli filmlər, o cümlədən Xalq artisti Mabud Məhərrəmovun təqdim etdiyi “Sənin torpağında” filmi nümayış etdirilib.
Mərasimdə Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakovanın çıxışının videoyazısı təqdim olunub və Azərbaycan diasporunun gənc nümayəndələri tərəfindən Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva