QAN YADDAŞI
Avstriya saytında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilib
Vyana, 26 fevral, AZƏRTAC
Avstriya Mətbuat Agentliyinin (APA) saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan Xocalı soyqırımına həsr olunmuş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində genosid aktı həyata keçirdiyi qeyd edilib, bu vəhşilik nəticəsində qətlə yetirilən, yaralanan, əsir götürülən və itkin düşən insanlar barədə məlumat verilib. Xocalının dinc sakinləri məhz azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qətlə yetirildilər və etnik təmizləməyə nümunə olan bu amansızlıq və qətliam soyqırımı kimi dəyərləndirilir.
Qeyd edilib ki, qətliamdan az sonra, yəni 1992-ci il martın 11-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycandakı baş vermiş qətl və cinayətdən narahatlığını ifadə etmiş və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində mülki əhaliyə qarşı hücumlar və güc tətbiqini pisləmişdi. İndiyədək bir sıra dövlətlərin parlamentləri səviyyəsində Xocalı soyqırımına hüquqi qiymət verilib və bu soyqırımı pislənilib.
Məqalədə, həmçinin diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini vəhşicəsinə dağıtması və əhalisinə qarşı soyqırımı törətməsi beynəlxalq media tərəfindən işıqlandırılıb və həmin mətbu orqanlarından nümunələr göstərilib. Xüsusilə qeyd edilib ki, Xocalı soyqırımının törədilməsinin məsuliyyəti Ermənistanın üzərinə düşür, bunu hətta Ermənistanın dövlət başçısı Serj Sarkisyan da etiraf edib.
Daha sonra nəzərə çatdırılıb ki, 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi erməni silahlı birləşmələrinin Xocalıda törətdiklərini müharibə cinayəti və ya insanlığa qarşı törədilmiş cinayət kimi dəyərləndirilə bilən xüsusi ağırlıqlı hərəkətlər olduğunu ifadə edib.
Məqalənin yekununda bildirilib ki, Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətləri 2020-ci ilin payızında xüsusi amansızlıqla davam etdirib. Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələri də daxil olmaqla ağır artilleriya və raket zərbələri nəticəsində 100-dən çox mülki şəxs qətlə yetirilib, 423 mülki şəxs yaralanıb, fərdi yaşayış evləri və mülki infrastruktur dağıdılıb. Qadağan olunmuş silahların da tətbiq olunduğu bu cinayətlər Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi sistematik təcavüzkarlığın növbəti sübutlarıdır.
Sonda bildirilib ki, Xocalı soyqırımı və digər hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi, Xocalı genosidinin Avstriya və beynəlxalq ictimaiyyət tərəfindən tanınması və pislənməsi Azərbaycan və Ermənistan xalqlarının dinc birgəyaşayışı və yaxınlaşmasına mühüm töhfə verə bilər. İkinci Dünya müharibəsində işğal və dağıntılara məruz qalmış Avstriya ölkənin yenidən qurulmasında əldə etdiyi təcrübədən çıxış edərək keçmiş münaqişə tərəflərinə münaqişədən əziyyət çəkmiş ərazilərin bərpası üçün müsbət mesajlar verə və regionda davamlı sülhün bərqərar olması prosesində iştirak edə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana