QAN YADDAŞI
Professor Necdet Ünüvar: Xocalı soyqırımı məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir
Ankara, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək mənəvi və qardaşlıq borcumuzdur. Ankaranın Keçiörən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önünə hər il faciənin ildönümündə toplaşıb, anım mərasimi keçiririk. Bu il Xocalı soyqırımının 29-cu ildönümünə fərqli bir şəkildə toplandıq. Çünki müzəffər Azərbaycan Ordusu Qarabağda böyük bir qələbə qazanıb. Şəhidlərimizi ruhu qarşısında baş əyir və onları heç zaman unutmayacağımızı təkrar-təkrar dilə gətiririk.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ifadə edib.
Azərbaycan və Türkiyənin bundan sonra da sevincli və kədərli günlərinin bir yerdə olacağına diqqəti çəkən professor deyib: “Xocalıda baş verənlər insanlıq əleyhinə törədilmiş soyqırımı aktıdır. Bu bəşəri cinayəti görməməzliyə vurmağa və onu sükutla qarşılamağa heç kəsin haqqı yoxdur. Türkiyə olaraq Qarabağdakı tarixi hərbi zəfəri nə qədər böyük sevinclə qarsalamışıqsa, Xocalı soyqırımını də eyni dərəcədə kədərlə qəbul etmişdik. Xocalı ortaq dərdimiz, ortaq acımız, ortaq müsibətimizdir. Bu soyqırımı heç zaman unutmayacaq, faciəni törədənləri bağışlamayacağıq. Çünki bu, məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara