ELM VƏ TƏHSİL
Azərbaycanlı alim məhsulun rəqəmsallaşmasına həsr olunmuş beynəlxalq elmi seminarda çıxış edib
Bakı, 1 mart, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskva Milli Tədqiqat Universiteti “Ali İqtisadi Məktəbi”nin Dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin təşkilatçılığı ilə “Məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına təsiri” mövzusunda keçirilən onlayn beynəlxalq elmi seminarda iştirak edib.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Bildirilib ki, seminarda rəqəmsallaşmanın informasiyalaşdırmadan fərqli cəhətləri, rəqəmsallaşmanın mərhələləri, rəqəmsallaşdırma və iqtisadi hesablamalar, rəqəmsallaşma və müştəri məmnunluğu və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Əlövsət Əliyev məhsulun rəqəmsallaşmasının müəssisənin inkişafına müsbət təsirinin müasir dövr üçün əhəmiyyət kəsb etdiyini bildirib. O, e-innovasiyaların inkişaf etdiyi hazırkı dövrdə müəssisənin fəaliyyət səmərəliliyinin yüksəldilməsinin vacib məsələlərdən olduğunu deyib, bu sahədə olan mövcud problemlər və onların həll yolları barədə fikirlərini bölüşüb. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak edərək institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.