ELM VƏ TƏHSİL
Elmi seminar: İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi
Bakı, 1 mart, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbir 12 saylı şöbənin əməkdaşı Pirdas Muradovanın “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi” mövzusunun müzakirəsinə həsr olunub.
P.Muradova əvvəlcə Azərbaycan dilinin müasir vəziyyəti və mövcud problemlər, Azərbaycan dilinin tədrisində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, dil biliklərinin qiymətləndirilməsində Avropa təcrübəsi, eləcə də dil biliklərinin tədrisi və qiymətləndirilməsi üçün beynəlxalq standarta çevrilmiş CEFR (Common European Framework of References for Languages – Ümumavropa dilləri üçün çərçivə proqramı) haqqında ətraflı məlumat verib, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi ilə əlaqədar təklifləri diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan dili ilə bağlı məsələləri aktual edən səbəblərdən biri də ingilis dili kimi hegemon dillərin digər dövlətlərin dillərini sıxışdırmasıdır. Bu da dilimizin qorunması və eyni zamanda, beynəlxalq aləmdə tanınması üçün müəyyən addımların atılmasını zəruri edir.
Azərbaycan dilinin tədrisində və təbliğində İKT-nin rolundan söz açan məruzəçi bildirib ki, burada əsas problemlərdən biri də bu dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin azlıq təşkil etməsidir. Virtual məkanda Azərbaycan dili ilə bağlı informasiya azlığı dilin daha asan mənimsənilməsinin qarşısında dayanan ən əsas əngəllərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, müasir dövrdə istər dilin tədrisində, istərsə də dilin qiymətləndirilməsində İKT-nin imkanları uğurla tətbiq edilə bilər.
O, Azərbaycan dilinin dövlət dili statusunun qorunması, onun xarici dil kimi tədrisi ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanan və bu təcrübənin Azərbaycan dilinə uyğunlaşdırılaraq tətbiqi üçün verilmiş təklifləri diqqətə çatdırıb.
İnstitutun direktoru, akademik Rasim Əliquliyev tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğulayıb. O, dilçilik elminin bütün elm sahələri ilə qarşılıqlı əlaqədə olduğunu, dil problemlərinin multidissiplinar xarakter daşıdığını söyləyib, Azərbaycan dilinin tədrisinin bugünkü vəziyyəti, mövcud çatışmazlıqlar və onların yaratdığı problemlərin dərindən araşdırılmasının vacibliyini qeyd edib. Alim qeyd edib ki, müvafiq sahədə beynəlxalq təcrübə öyrənilməli, mövcud standartlar və standartlaşdırılmış dillər araşdırılmalıdır. Bu gün dünyanın çağırışlarına uyğun olaraq, Azərbaycan dilinin müvafiq standartlara uyğunlaşdırılması zamanın tələbidir. Bu işlərin həyata keçirilməsi üçün İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Akademik İKT-nin tətbiqi ilə müxtəlif pillələr üzrə Azərbaycan dilinin qiymətləndirilməsinin zəruriliyini qeyd edərək, müvafiq təklif və tövsiyələrini səsləndirib. Mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğulayıb.
Sonra məruzəyə dair ətraflı fikir mübadiləsi aparılıb.