CƏMİYYƏT
Zərdabda arvadını boğaraq öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa təqdim olunub
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də saat 10 radələrində Zərdab rayonu ərazisində 1968-ci il təvəllüdlü İsrafilova Rəhilə Şahvələd qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Zərdab Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.