İQTİSADİYYAT
“Azexport.az” portalı Aİ-nin “EU4Digital” layihəsində rəqəmsal topdansatış mərkəzi qismində Azərbaycanı təmsil edəcək
Bakı, 4 mart, AZƏRTAC
“Azexport.az” portalı Avropa İttifaqının (Aİ) “EU4Digital” layihəsində rəqəmsal topdansatış mərkəzi qismində Azərbaycanı təmsil edəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, “Azexport.az” portalı Avropa İttifaqının “EU4Digital” layihəsi çərçivəsində ölkə ərazisində elektron ticarətin mövcud vəziyyətini əhatə edən onlayn müzakirə və sorğularında iştirak edib. Portalın beynəlxalq yükdaşıma platformalarına və müxtəlif ödəniş üsullarına inteqrasiya olunması haqqında məlumatlar təqdim olunub.
Aparılan görüş və sorğuların nəticəsi olaraq Aİ və Şərq tərəfdaşlığı ölkələri arasında ticarətin tam rəqəmsallaşdırılması məqsədilə iki pilot layihənin icrasında Azərbaycanı “Azexport.az” portalı rəqəmsal topdansatış mərkəzi (“digital wholesale center”) qismində təmsil etməsinə dair razılıq əldə edilib. Razılığa əsasən, Azərbaycan-Gürcüstan və Azərbaycan-Almaniya arasında onlayn platforma vasitəsilə sifariş edilən məhsul haqqında məlumatların avtomatik olaraq poçt və gömrük orqanına təqdim olunması nəzərdə tutulub.
Layihə çərçivəsində Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında rabitə, poçt, rəqəmsal infrastruktur, e-ticarət, e-təhlükəsizlik və digər sahələr üzrə əməkdaşlığın qurulması nəzərdə tutulub. 2019-2022-ci illəri əhatə edən layihənin əsas hədəfləri ixrac prosedurlarının daha da asanlaşdırılması, əməliyyat xərclərinin minimuma endirilməsi və ölkələr arasında e-ticarət dövriyyəsinin artırılmasıdır.
“EU4Digital” tərəfindən ilkin olaraq iki pilot layihə reallaşdırılacaq. Qazanılacaq təcrübə növbəti mərhələdə Aİ və Şərq tərəfdaşlığı ölkələri arasında “Vahid Rəqəmsal Bazarın” yaradılmasında istifadə olunacaq.