REGİONLAR
Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində ümumdövlət məsələlərində vahid mövqe yaranıb
Ağcabədi, 6 mart, AZƏRTAC
Ölkənin siyasi aləmində demokratik ənənələrin inkişafı zamanın tələbidir. Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
Təşkilatın sədri bildirib ki, 44 günlük Vətən savaşındakı qələbə və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir: “Eyni zamanda, ölkədə yaradılmış siyasi dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Bu baxımdan hakim partiyanın ali toplantısı demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək. Belə ki, YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsindən xəbər verir. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaq”.
İlqar İlyasov, həmçinin bildirib ki, bu siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib.
Onun sözlərinə görə, ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların keçirilməsi, aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentə çevrilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir.
İlqar İlyasov onu da bildirib ki, hər bir demokratik cəmiyyətdə siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir: “Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Odur ki, eyni hədəflər, eyni məqsəd uğrunda mübarizə aparan təşkilatların vahid partiyada fəaliyyət göstərməsi normal prosesdir və gələcəkdə bu kimi inteqrasiya prosesi daha da inkişaf edəcək”.