REGİONLAR
Şəki Dövlət Yol Polisi Bölməsi maarifləndirmə tədbirlərini davam etdirir
Şəki, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin məktəblilərin yol hərəkəti qaydalarına düzgün əməl etmələri məqsədilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri üçün “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn formada təşkil edilən tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat-təşviqat işləri üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev ötən il ölkə ərazisində piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə ətraflı məlumat verib. Bildirilib ki, 2020-ci ildə ölkə ərazisində qeydə alınmış qəzaların 41,8 faizi, yəni 1587 hadisədən 664-ü piyadaların vurulması ilə bağlı olub. Qəzalar nəticəsində 306 nəfər həlak olub, 389 nəfər xəsarət alıb. O cümlədən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 42 yol-nəqliyyat hadisəsi baş verib.
Diqqətə çatdırılıb ki, ötən il respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri zamanı 35 uşaq və yeniyetmə həlak olub, 133 nəfər xəsarət alıb. Şəki Dövlət Yol Polisi Bölməsinin xidməti ərazisində baş vermiş yol-nəqliyyat hadisələrindən 4-ü piyadaların vurulması ilə nəticələnib. Baş vermiş hadisələrdən ikisi azyaşlıların iştirakı ilə baş verib və nəticədə bir uşaq həlak olub, bir nəfər isə xəsarət alıb.
Tural Niftaliyevin sözlərinə görə, məktəblərdə aparılan profilaktiki maarifləndirmə tədbirlərinin müsbət nəticəsidir ki, qeydə alınmış hadisələrdən heç biri piyadaların təqsirindən baş verməyib. Əldə olunmuş müsbət nəticənin cari ildə də qorunub saxlanması üçün təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davam etdirilməsi vacibdir.
Sonra məktəblilərin yol-hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb.