REGİONLAR
“Sabahın müəllimi” layihəsi çərçivəsində təcrübəçi tələbələrlə görüş olub
Naxçıvan, 6 mart, AZƏRTAC
“Sabahın müəllimi” layihəsi çərçivəsində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimliyi ixtisası üzrə təcrübədə olan Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova təhsilə göstərilən dövlət qayğısından və məktəblərdə yaradılan imkanlardan bəhs edib. Bildirib ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il tarixli 3 aprel Sərəncamına uyğun olaraq pedaqoji profilli ixtisaslar Təhsil Nazirliyinə hamiliyə verilib, müəllim kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə sıx əlaqələr yaradılıb, müəllim kadrların ilkin və sonrakı təhsilində mühüm nəticələr əldə olunub.
Məktəbin direktoru çıxış edərək muxtar respublikadakı bütün məktəblərdə, eləcə də Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitdən və göstərilən dövlət qayğısından danışıb.
Sonra təcrübəçi tələbələrlə məktəb şagirdlərinin birgə Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan İnnovativ dərnəklərə ekskursiyası təşkil olunub.
Qeyd edək ki, “Sabahın müəllimi” layihəsi çərçivəsində bu tədris ilində də “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutundan, ümumilikdə, 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.