CƏMİYYƏT
İctimai iaşə müəssisələrində pandemiya ilə əlaqədar aparılan monitorinqlərdə maskadan istifadə edilməməsi hallarına ən çox rast gəlinib
Bakı, 9 mart, AZƏRTAC
Bu il fevralın 1-dən martın 7-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 22 min 642 monitorinq aparılıb və həmin monitorinqlərdə 1109 nöqsan qeydə alınıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.
Ən çox aşkar olunmuş nöqsanların 931-i, başqa sözlə, 84 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət etməmələri və tibbi maskanın təmin edilməməsi, 124-ü, yəni 11 faizi isə masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması ilə əlaqədardır.
Ümumilikdə, keçən il sentyabrın 25-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 min 316 monitorinq həyata keçirilib və 3 min 210 nöqsan aşkar edilib.