CƏMİYYƏT
Caspian Energy Club DOST Agentliyinə “Online Business Tour” təşkil edib
Bakı, 9 mart, AZƏRTAC
Caspian Energy Club üzvləri onlayn biznes-tur çərçivəsində DOST Agentliyinə virtual səfər ediblər.
Bu barədə AZƏRTAC-a Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Caspian Energy Club üzvlərinin DOST rəhbərliyi ilə dialoqu təşkil olunub və biznes-tur iştirakçılarını maraqlandıran suallara cavab verilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirakçılarına DOST Agentliyi və DOST mərkəzləri haqqında ümumi məlumat verib.
Bildirib ki, agentliyin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin edilməsi və bu sahədə vətəndaş məmnunluğuna nail olmaqdır. DOST mərkəzlərində xidmətlər “bir pəncərə” prinsipi ilə həyata keçirilir. Bu da operativlik, şəffaflıq, məsuliyyətlilik deməkdir. İndiyədək DOST mərkəzlərində 300 mindən çox vətəndaşa xidmət göstərilib. Çağrı Mərkəzi 142 vasitəsilə isə təkcə 2020-ci ildə 700 minə qədər vətəndaş müraciəti cavablandırılıb – deyə Fərid Məmmədov qeyd edib.
F.Məmmədov hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strateji xəttinə uyğun olaraq DOST mərkəzlərində göstərilən bütün 132 xidmətin elektronlaşdırılması və sadələşdirilməsi istiqamətində aktiv iş aparıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Telman Əliyev qeyd edib ki, Caspian Energy Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən 8-dan çox biznes-tur həyata keçirilib. Onların sırasına Cahan Sənaye Zavodu, Delta Group-un “Çörəkçi” zavodu, Qazaxıstan Respublikasında yerləşən Aktau Dəniz Limanı, Veka şirkətinin Rusiyada yerləşən sənaye zavodları və digər məkanlara təşkil olunmuş biznes turlar da daxildir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.