CƏMİYYƏT
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək obyekt işçiləri və müştəriləri – ümumilikdə 23 nəfəri polis şöbəsinə gətiriblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları izah olunub. Həmin şəxslərdən 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər.
Mərkəzdə masaj xidmətləri göstərən iki qadın, həmçinin üç müştəri barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə SPA mərkəzinin işçiləri 200 manat məbləğində cərimələnib, müştərilər isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.