CƏMİYYƏT
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Bakı, 9 mart, AZƏRTAC
Tovuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz çayının üzərindəki körpünün üstündə “Mercedes” və “Toyota” markalı avtomobillər yolun buzlu olması nəticəsində toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1995-ci il təvəllüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov və “Toyota” markalı avtomobildə olan 1976-ci il təvəllüdlü Aytəkin Niyazova, 1976-cı il təvəllüdlü Könul Kərimova və 1972-cı il təvəllüdlü İlqar Quliyev müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya aparılıblar. Göygöl rayon sakini A.Niyazovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Digər xəstələr reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti hazırda orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.