ELM VƏ TƏHSİL
OLAP-texnologiyaları ilə bağlı tədqiqatlar aparılır
Bakı, 12 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda OLAP-texnologiyalarının tətbiqi ilə e-demoqrafiya mühitində çoxölçülü verilənlərin analizi istiqamətində tədqiqatlar aparılır.
Bu barədə institutun növbəti onlayn elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova təqdim edib. O, demoqrafiyanın sahələri və onların göstəriciləri barədə məlumat verib.
Məruzəçi diqqətə çatdırıb ki, OLAP Verilənlər Anbarının (VA) elementi olduğundan, ilkin məsələ - VA-nın arxitekturasının işlənilməsidir. VA-nın arxitekturası seçilmiş sferanın xüsusiyyətlərindən asılıdır. Qərarların qəbulunu dəstəkləyən e-demoqrafiya sisteminin VA-nın arxitekturasını qurarkən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır.
Gülnarə Nəbibəyova, həmçinin e-demoqrafiya sisteminə daxil edilmiş polikubik OLAP modelini təqdim edib.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, sual və təkliflər səsləndirilib.