REGİONLAR
“Nizami dünyası” adlı teatr müsabiqəsi davam edir
Naxçıvan, 16 aprel, AZƏRTAC
Dövlətimizin başçısının 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq muxtar respublikada tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami dünyası” adlı teatr müsabiqəsi davam edir.
Müsabiqənin ilk mərhələsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən dahi şairin “Xeyir və Şər” poeması səhnələşdirilib. Müsabiqənin şərtlərinə əsasən tamaşanın qiymətləndirilməsi təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılıb. Münsiflər heyətindən Xalq artisti Kamran Quliyev, Əməkdar artist Tofiq Seyidov, gənc rejissor Həcərxanım Məmmədova tələbələrə tamaşa ilə bağlı fikir və iradlarını bildirib, onlara uğurlar arzulayıblar. Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva müsabiqədə fəal iştiraklarına görə tələbələrə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, müsabiqə iyun ayında sona çatacaq. Qaliblər münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.