REGİONLAR
“Torpaqdan etibarlı dost yoxdur” – samuxlu fermer
Samux, 6 may, AZƏRTAC
İndiki dövrdə uğurlu təsərrüfat sahibi olmaq üçün növbəli əkin aparılmalı, torpaqdan düzgün istifadə edilməli, təyin olunmuş dərman və gübrələrə üstünlük verilməlidir. Bunu Samuxda yaşayan fermer Nəriman Ələkbərov deyir. O, bu işlərin asan başa gəlmədiyini, hər bir işdə əziyyət və zəhmət çəkmək lazım olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Nəriman Ələkbərov fermerlərə dövlət səviyyəsində dəstək göstərilməsini yüksək qiymətləndirib. O, eyni zamanda, bu sahəyə qol qoyan insanın öz işinə sevgi ilə yanaşmalı olduğunu söyləyib.
“1997-ci ildə ailə təsərrüfatımda taxıl əkəndə 84 sot torpaq icarəyə götürmüşdük. Müxtəlif meyvə bağları salaraq, arpa-buğda əkərək həm ailəmin gəlirini qarşılayır, həm də təsərrüfatımı böyüdürdüm. İndi isə ailə təsərrüfatımız 30 hektardan çox sahəni əhatə edir”, - deyə samuxlu fermer bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatına göstərilən dövlət qayğısı xırda sahibkarların, torpaq mülkiyyətçiləri və fermerlərin də diqqətini cəlb edir. Subsidiyalar vaxtlı-vaxtında verilir, güzəştlər tətbiq edilir, pulsuz gübrə və dərmanlar paylanılır.
Nəriman Ələkbərov deyib: “Vaxtilə arpa əkəndə, axşam rayonda işıq problemi olurdu. Elə gecələr olub ki, əlimdə fanarla sahəni sulamışam, fəhlələrlə birgə işləmişəm. İndi kim istəyirsə ki, əziyyətsiz, rahat gəlir qazansın, iş qursun, özünü aldadır”.
Gələcək hədəflərindən də danışan fermer, toxumçuluq fəaliyyəti ilə məşğul olmağa başladığını deyir: “Torpaqdan etibarlı dost yoxdur. Mən bunu artıq 40 ildən çox olan təcrübəmə əsasən deyirəm. Bütün sahələrdə olduğu kimi, toxumçuluq sahəsində də uğur qazancağımıza əminəm”.
Nəriman Ələkbərov bu sahədə yeni işə başlayanlara əvvəlcə səbirli olmağı və bütün hallarda mütəxəssis məsləhəti almaqdan çəkinməməyi tövsiyə edib.