MƏDƏNİYYƏT
Otuz dörd nömrəli uşaq musiqi məktəbinin uğuru
Bakı, 6 may, AZƏRTAC
ART LINE Beynəlxalq federasiyanın dəstəyi ilə İsveçin paytaxtı Stokholmda “Sweden's Talents” çoxjanrlı XII Beynəlxalq festival-müsabiqə keçirilib. Müsabiqənin məqsədi ən yaxşı yaradıcı kollektivləri tanıtmaq, istedadlı və bacarıqlı şəxsləri aşkar etmək, uşaq və gənclər üçün yaradıcılıq əlaqələri imkanları yaratmaq, müxtəlif ölkələrin mədəniyyət və incəsənəti ilə tanış olmaqdır. Müsabiqə vokal (akademik, estrada, xalq), instrumental, xoreoqrafiya, teatr sənəti və başqa nominasiyalar üzrə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin VII sinif şagirdi Nicat Muxtarov (fortepiano ixtisası, müəllim S.Allahverdiyeva), III sinif şagirdi Ramaldan Ramaldanov (fortepiano ixtisası, müəllim A.Azadova) və II sinif şagirdi İbrahim Qasımov (xanəndə ixtisası, müəllim B.Mehdiyev, konsertmeysterlər M.Hacıyev, S.Mürşüdov) uğurla çıxış edərək münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüblər. Şagirdlərin müəllim və konsertmeysterləri də "Təşəkkürnamə" ilə təltif olunublar. Həmçinin Nicat Muxtarov və Ramaldan Ramaldanov Yaponiyada keçiriləcək "Open Japan" beynəlxalq müsabiqəsində iştirak etmək üçün sertifikat əldə ediblər.