MƏDƏNİYYƏT
Dövlət Teatr Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşı Ümidə Hacıyeva müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Vurğulayıb ki, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu beynəlxalq arenada xeyli artıb, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev inkişaf yolunda olan ölkəmizi çox qarışıq və mürəkkəb dünya miqyasında böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, onun rəhbərliyi altında respublikamız böyük nailiyyətlərə imza atır.
Tədbirdə Ümummilli Liderin həyatını, ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində G.Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin pedaqoqu Dürdanə Axundovanın rəhbərliyi altında məktəbin şagirdləri - Asim Rzazadə klarnetdə Sevil Əliyevanın “Ana”, Arif Məlikovun “Noktyurn” əsərlərini, Natəvan Əliyeva fleytada Lüdviq van Bethovenin “Səadət odası”, “ Ay Laçın ” xalq mahnısını ifa ediblər. Fatimə Vəliyevanın müşayiəti ilə məktəbin məzunu və hazırda Bakı Musiqi Akademiyasının tələbəsi Sübhan Rüstəmov Üzeyir Hacıbəylinin “Sevgili canan” və “Sənsiz” qəzəl-romanslarını, Səid Rüstəmovun “Getmə”, Vasif Adıgözəlovun “Qərənfil” mahnılarını səsləndiriblər.
Tədbir COVID -19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.