REGİONLAR
Şəhid Cavanşir Əhmədovun xatirəsi anılıb
Bərdə, 7 may, AZƏRTAC
Bərdə rayon Alpout kəndindən olan Vətən müharibəsi şəhidi Əhmədov Cavanşir Elxan oğlunun doğum günü qeyd edilib. Yaşasaydı, bu gün Cavanşirin 20 yaşı olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, Bərdə Rayon İcra Hakimiyyətinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin nümayəndələri şəhid Cavanşir Əhmədovun ailəsinə baş çəkib, ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün kömək göstəriblər.
Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Cavanşir Əhmədovun keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Cavanşir Əhmədov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, Laçın rayonunda şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əsgər Əhmədov Cavanşir Elxan oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin atası Elxan Əhmədov oğlunun hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Həmin gün şəhid Cavanşir Əhmədovun və kəndin digər şəhidi əsgər Elcan Rəhimlinin qəbri ziyarət olunub.