ELM VƏ TƏHSİL
“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Müsahibələrin təşkili sektorunun müdiri Xədicə Əzimova və Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müstəqil ekspertlər iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara müsahibənin məqsədi, strukturu və keçirilmə qaydaları, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.
Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğunda vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.