CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün “Açıq qapı” günü keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcədən qeydiyyatdan keçən vətəndaşların, həmçinin kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi görüşdə bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd institutun fəaliyyət istiqamətləri, istehsal və idxal-ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir.
Qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də belə tədbirlərdən biridir.
Tədbirdə institutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi barədə məlumat verilib. Qeyd olunub ki, laboratoriyaların mövcud imkanları Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Daha sonra iştirakçılara Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə məlumat verilib.
“Açıq qapı” günündə vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.