REGİONLAR
Şəhid Ramil Musayevin doğum günü məzarı yanında qeyd edilib
İsmayıllı, 7 may, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini, Xüsusi Təyinatlı Qüvvələrin giziri Ramil Aydın oğlu Musayevin doğum günü məzarı yanında qeyd olunub. Yaşasaydı, Ramilin 30 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, ehtiyatda olan hərbi qulluqçular və şəhidin yaxınları mövcud pandemiya qaydaları gözlənilməklə Ramil Musayevin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, ruhuna dualar oxunub.
Çıxışlarda R.Musayevin şərəfli həyat yolundan danışılıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub, şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Sonra Ramil Musayevin təhsil aldığı məktəbin şagirdləri ona həsr etdikləri şeirləri səsləndiriblər.
Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Ermənistan Ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.