SİYASƏT
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
Tbilisi, 7 may, AZƏRTAC
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Qazaxıstanın Mardan Sapalayev adına İnstitutun ikinci kurs tələbəsi Nadir Nadirovdur.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilir.
Eyni zamanda, Ümummilli Liderin xatirəsinin təkcə Azərbaycanda deyil, Gürcüstanda da ehtiramla yad edildiyi qeyd olunur.
Bildirilir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev istər Bakıda, istərsə də Moskvada çalışdığı vaxtlarda qonşu Gürcüstanın da inkişafına xüsusi diqqət yetirib. Məhz Ulu Öndərin uzaqgörən və gələcəyə hesablanmış siyasəti nəticəsində regionda həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə Azərbaycan xalqının deyil, həmçinin gürcü xalqının rifah halının yaxşılaşmasına xidmət edib.
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi